Diş daşı təmizlənməsindən sonra nə vaxt yemək olar və nəyə diqqət etməli?

Gülşən Hacıyeva, stomatoloq-ortodont
Dərc olunub Yenilənib
Qısa cavab
Diş daşı təmizlənməsindən sonra yemək olar, anesteziya edilibsə, keyləşmə keçəndən sonra. İlk bir-iki saat çay, qəhvə, rəngli içkilərdən və siqaretdən uzaq durun. Bir neçə gün dişlərin soyuğa həssas olması və diş ətinin bir az qanaması normaldır, adətən öz-özünə keçir.
Təmizlənmədən sonra nə vaxt yemək olar?
Ultrasəslə təmizlənmədən sonra adətən dərhal yemək olar. Anesteziya edilibsə, dil və yanaq yenidən hiss olunana qədər gözləyin: keyləşmiş yanağı bilmədən dişləmək asandır. Dişlər flüorlu vasitə ilə örtülübsə, nə qədər yeyib-içməmək lazım olduğu qəbulda deyilir.
Təmizlənmədən və xüsusilə Air Flow-dan sonra dişin səthi təzə cilalanmış olur və ilk saatlarda rəngi daha asan özünə çəkir. Ona görə ilk bir-iki saat bunlardan uzaq durun:
- Çay, qəhvə, qırmızı şərab, kola.
- Nar şirəsi, çuğundur, qara giləmeyvə, rəngli souslar.
- Siqaret və qəlyan.
Bu müddətdə su, ağ rəngli və rəngsiz yeməklər problem yaratmır.
Təmizlənmədən sonra dişlər niyə həssas olur?
Diş daşı çox vaxt diş boynunu, diş ətinə yaxın hissəni örtür. Daş götürüləndən sonra bu hissə açıq qalır və soyuğa, istiyə reaksiya verir. Diş əti iltihablı idisə, şiş yatanda dişin boynu bir az da çox görünür. Bu, təmizləmənin minaya zərər verdiyi demək deyil.
- Həssaslıq adətən bir neçə günə, bəzən bir-iki həftəyə keçir.
- Bu müddətdə həssas dişlər üçün pasta işlədin.
- Çox soyuq və çox isti şeyləri bir az ehtiyatla yeyin.
- Fırçalamağı dayandırmayın: ərp yenidən yığılanda həssaslıq artır.
Dişlər həssasdırsa və ya minada zəif yerlər varsa, təmizlənmədən sonra onlar flüorlu vasitə ilə örtülə bilər: flüor minanı möhkəmləndirir və həssaslığı azaldır. Hər kəsə lazım deyil, bu, qəbulda birlikdə həll edilir. İki həftədən sonra da keçmirsə və ya bir dişdə kəskin ağrı varsa, WhatsApp-a yazın: səbəb kariyes və ya çat ola bilər.
Diş əti qanayır və ağrıyır: bu normaldırmı?
Bəli, ilk bir-iki gün. Diş daşı diş ətinin kənarından, bəzən altından götürülür. Diş əti iltihablı idisə, bir az qanaya və toxunanda ağrıya bilər. Bu, sağalmanın başlanğıcıdır.
- Yumşaq fırça ilə, eyni axşam da fırçalayın, sadəcə yavaş.
- Dişlərin arasını diş sapı ilə ehtiyatla təmizləməyə davam edin.
- Ağzınızı ılıq duzlu su ilə yaxalaya bilərsiniz.
- Bir həftədən çox qanayırsa, WhatsApp-a yazın.
Dişlərin arası niyə boş hiss olunur?
Təmizlənmədən sonra çox adam dili ilə dişlərin arasında boşluq hiss edir və narahat olur. Bu boşluğu əvvəl diş daşı doldururdu: diş yox, daş götürülüb. Diş əti iltihabdan sonra sakitləşəndə bir neçə həftəyə dişə daha kip yapışır. Dişlərin arası genişdirsə, dişarası fırçanı necə işlətmək göstərilir.


Təmizlənmədən sonra dişlər niyə ağappaq olmadı?
Təmizlənmə dişin üstündəki daşı, ərpi, çay və siqaret ləkələrini götürür və dişi öz təbii rənginə qaytarır. Çox adam dişlərinin xeyli açıldığını görür. Amma dişin öz rəngi hər kəsdə fərqlidir: kimdə ağ, kimdə bir az sarımtıl olur. Təbii rəngdən daha ağ dişlər istəyirsinizsə, bu, artıq ağartmadır.
Ağartma ayrıca prosedurdur və adətən təmizlənmədən sonra edilir: daşın və ərpin altında gel dişə yaxşı təsir etmir. Təmizlənmədən sonra açılmış diş boynunda ağartma həssaslığı artıra bilər, ona görə vaxtı müayinədə birlikdə seçilir.
Növbəti təmizlənməyə nə vaxt gəlmək lazımdır?
Hamı üçün eyni qayda yoxdur: bu, insandan və diş ətinin vəziyyətindən asılıdır. Daşı tez yığılan, siqaret çəkən, breket taxan və ya diş əti problemi olan insanın daha tez-tez gəlməsi lazım ola bilər. Uşaqlar isə yoxlamaya ən gec 6 ayda bir gəlməlidir. Sizə nə qədərdən bir lazım olduğu müayinədən sonra deyilir.
Diş daşı təmizlənməsi bütün ağız üçün bir qəbula 60–100 AZN-dir. Air Flow ilə təmizləmə ayrıca xidmətdir, qiyməti 100 AZN-dir. Nəticəni uzun saxlamaq evdə sizin əlinizdədir: gündə iki dəfə fırçalamaq və dişlərin arasını hər gün təmizləmək.
Tez-tez verilən suallar
Təmizlənmədən sonra siqaret çəkmək olarmı?
İlk bir-iki saat çəkməyin: təzə cilalanmış diş rəngi daha asan çəkir. Siqaret həm də diş ətinin sağalmasını yavaşladır və ləkələr tez qayıdır.
Təmizlənmədən sonra həssaslıq nə qədər davam edir?
Adətən bir neçə gün, bəzən bir-iki həftə. Həssas dişlər üçün pasta kömək edir. İki həftədən çox davam edirsə, WhatsApp-a yazın.
Təmizlənmədən sonra dişləri fırçalamaq olarmı?
Bəli, elə həmin axşam. Yumşaq fırça ilə, yavaş fırçalayın. Diş əti bir az qanasa da, fırçalamağı dayandırmayın.
Təmizlənmə minaya zərər verirmi?
Düzgün aparılanda yox. Həssaslıq daşın örtdüyü diş boynunun açılmasından olur və adətən tez keçir.
Bu yazı ümumi məlumat üçündür və müayinəni əvəz etmir. Dəqiq səbəbi yalnız həkim dişə baxandan sonra demək olar.